Abdullayev Ağabala Məmmədbağır oğlu
(1910, Qubadlı r-nu, Çərəli k. - 10.10.1976, Füzuli
r-nu)
- xanəndə. Qarabağ muğam ifaçılığı
ənənələrinin davamçısı olmuş,
muğamları ustad sənətkar Seyid Şuşinskidən
öyrənmişdir. 1920 illərdən ömrünün
sonuna kimi Füzuli r-nunda yaşamışdır. Özünəməxsus
istedadı ilə, muğam sənəti sahəsində
dərin biliyi ilə fərqlənən xanəndə
el şənliklərində, konsertlərdə və
teatr səhnəsində fəaliyyət göstərərək
püxtələşmişdir. H.Sarabskinin və M.Həşimovun
dəvətilə Füzulidə Dövlət Dram Teatrının
səhnəsində tamaşaya qoyulan muğam operalarında
çıxış etmiş, Məcnun, Kərəm,
Əsgər, Sərvər (Ü.Hacıbəyov “Leyli
və Məcnun”, “Əsli və Kərəm”, “Arşın
mal alan”, “O olmasın, bu olsun”), Qərib (Z.Hacıbəyov
“Aşıq Qərib”) obrazlarını yaratmışdır.
A.Abdullayev geniş diapazonlu və zəngin tembrli səsə
malik olmuşdur. O, “Zabul Segah” muğamının təkrarolunmaz
ifaçısı kimi yadda qalmışdır. Onun xüsusi
şövqlə oxuduğu “Zabul Segah”, “Rast” muğamlarının,
“Qarabağ şikəstəsi” zərbi muğamının
səsyazısı AzRT Fondunda saxlanılır. A.Abdullayev
həm də təcrübəli müəllim olmuş,
böyük bir xanəndələr nəsli yetirmişdir.
İslam Rzayev, Süleyman Abdullayev, Mais Məmmədov,
Teymur Mustafayev və başqa xanəndələrə
muğamın sirlərini öyrətmişdir.