Abdullayev Ağaxan Minaxan oğlu

(06.02.1950, Bakı ş.,Əmircan k.)

 

– xanəndə. Azərbaycan xalq artisti (1998). A.Abdullayevin xanəndə kimi yetişməsində Abşeron kəndlərinin özünəməxsus muğam mühiti mühüm rol oynamışdır. A.Abdullayev musiqi təhsilini Bakıda ADMM-də xanəndə Nəriman Əliyevin sinfində almışdır. Eyni zamanda, o, Azərbaycanın görkəmli xanəndələrinin ənənələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır. Xanəndənin ifaçılığı yüksək mədəniyyəti, klassik üslubu və bədii-texniki kamilliyi ilə fərqlənir. Muğam sahəsində geniş biliyi və daimi yaradıcılıq axtarışları onun ifaçılıq sənətində özünü büruzə verir.

A.Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam-dəstgahlarının səsyazıları AzRT Fondunda saxlanılır. O, həm də ADF-nın solistidir. Bununla yanaşı, o, bir xanəndə kimi pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verir. O, 1977 ildən BMK-də muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Bir çox tanınmış xanəndələrin (Alim Qasımov, Məhəbbət Kazımov və b.) ustadıdır. Eyni zamanda, A.Abdullayev muğam ifaçılığı sənətinə yeni qədəm qoyan gənclərin yaxın məsləhətçisi və sənət müəllimidir. O, dəfələrlə muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olmuşdur.