Ağabala Ağa Səid oğlu -(1860, Bakı – 1928, Bakı) – xanəndə.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşayıb-yaratmış məşhur xanəndə, muğam bilicisi. Gənc yaşlarından şeirə, musiqiyə böyük həvəs göstərmiş, fars dilini mənimsəyərək, Yaxın Şərqin poeziya inciləri ilə tanış olmuşdur. 1880 illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan “Məcməüş-şüəra” ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında böyük həvəs və maraqla iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına böyük təsir göstərmişdir. Muğamları xüsusi bir yaradıcı şövqlə oxuyan Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi.

Ağabala Ağasəid oğlu savadlı, şeiri, musiqini bütün bütün varlığı ilə sevən, onu qiymətləndirən, məlahətli səsə malik bir xanəndə olmuşdur. Onun yaradıcılıq dəst-xəttinin başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı idi. O, sözə adamları düşündürmək, ruhlandırmaq məqsədi ilə müraciət edər, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. “Bayatı-Şiraz”, “Rast”, “Şur”, “Segah-zabul” muğamlarını olduqca təsirli oxumuşdur. Xanəndə Şirin Axundov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.