Aşıq sənəti
–
Şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin
ən qədim sahələrindən biri. Aşıq
sənətində musiqi, poeziya, təhkiyə, rəqs,
pantomima, teatr sənəti elementləri üzvi şəkildə
birləşmişdir. Sənətkarlıq xüsusiyyətlərinə
görə aşıqlar üç yerə bölünür:
1. ustad aşıqlar – sinkretik aşıq saz-söz
sənətinin ən parlaq şəxsiyyətləri
kimi özündə şairlik və bəstəkarlıq
istedadı, kamil müğənni, çalğıçı,
aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını
və ən başlıcası, təcrübəli
və müdrik ustadlığı (müəllimliyi)
üzvi birləşdirir;
2. ifaçı aşıqlar – qədim saz-söz ənənələrini
yaşadan və onu xalq arasında yayan sənət
ustalarıdırlar. Azərbaycan xalqının folklorunun
qorunması və inkişafında onların böyük
xidmətləri var;
3. şair aşıqlar – el şairləri, aşıq
sənətinin şeir nümunələrini yaradan,
xalq şeirinin inkişafında xidməti olan söz
ustadlarıdırlar.
Şair aşıqlar şeir yaradıcılığında
həmişə ənənəvi havacata əsaslanırlar.
Bu da həmin şeirlərin ifaçı-aşıqlar
tərəfindən çalıb və oxuma yoluyla yayılmasına
imkan yaradır. Aşıq sənətində şifahi
şəkildə ənənələrin ötürülməsi
əsas cəhətlərdəndir. Aşıqlar məlum
əsərləri ifa etməklə kifayətlənməyərək,
eyni zamanda, ona dəyişiklik, yeni cəhətlər
gətirir, onu işləyir, təkmilləşdirir,
beləliklə də onun yaradıcılarından birinə
çevrilir. Aşıq yaradıcılığının
əsas janrları – dastanlar və aşıq havalarıdır.
Aşıq sənəti peşəkar sənət
növü olub, ustad aşıqlardan şagirdlərinə
şifahi mənimsəmə yolu ilə nəsildən-nəslə
ötürülür. Bu yolla müxtəlif ərazilərdə
aşıq məktəbləri formalaşmış,
aşıq mühitləri yaranmışdır. Göyçə,
Borçalı, Təbriz, Urmiya, Tovuz-Qazax, Gədəbəy,
Şirvan aşıq məktəbləri öz qədim
ənənələrini nəsildən-nəslə
ötürərək, bu günümüzə çatdırmışlar.
Aşıq və muğam sənətləri arasında
üzvi bağlılıq özünü büruzə
verir. Tarixi inkişaf prosesində bu iki sənət
qarşılıqlı əlaqədə olmuş,
biri-digərinə təsir göstərmişdir.
Aşıqların oxuduqları havalarda muğamlardan
istifadə olunması, eyni zamanda, xanəndələrin
repertuarına aşıq havalarının daxil edilməsi,
aşıq havaları əsasında zərbi-muğam
janrının meydana gəlməsi bu iki sənət
arasındakı qarşılıqlı əlaqlərin
dərinliyini sübut edir.