Azərbaycan Xalq Çalğı Alətləri Ansamblı

– müxtəlif xalq çalğı alətlərindən təşkil olunmuş ansambl; tərkibinə simli (tar, ud, kamança, qanun, saz), nəfəsli (zurna, balaban, tütək) və zərbli (nağara, qoşanağara, şaxşax və s.) musiqi alətləri qrupları daxildir. Müxtəlif ansambllarda bu qruplardakı alətlərin sayı dəyişilə bilir.

Adətən, xalq çalğı alətləri ansambllarının tərkibinə qarmon, klarnet, gitara və skripka alətləri də daxil edilir. Xalq çalğı alətləri ansambllarının repertuarı muğam, təsnif, rəng, xalq mahnı və rəqslərindən ibarət olur. Xalq çalğı alətləri ansambllarının əsas xüsusiyyəti şifahi ənənə əsasında (notsuz) ifa tərzindən ibarətdir. Belə ansambllar tərəfindən xanəndələri müşayiət edərək muğam dəstgahlarının ifa olunması geniş yayılmışdır.

Respublikada bu cür kollektivlərin sayı çoxdur. Onlardan Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı, Baba Salahov adına “Xatirə” xalq çalğı alətləri ansamblı, Əhsən Dadaşov adına “Araz” xalq çalğı alətləri ansamblı və respublikanın müxtəlif şəhərlərində, rayon mərkəzlərində, Ali və orta ixtisas məktəblərinin, mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən ansambllar qeyd oluna bilər.