Babayev Arif Imran oğlu (20.02.1938, Ağdam ş. yaxınlığında Sarıhacılı k.)

– xanəndə.Azərbaycan xalq artisti (1988). “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordeninə layiq görülmüşdür. A.Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbin görkəmli nümayəndələrindən biridir. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960 illərdən Arif Babayevin yaradıcılıq yolu Bakı ş. ilə bağlı olmuşdur.

O, ADMİU-də təhsil alır. Əvvəl ADF-na, sonra isə ADOBT-na solist dəvət olunur. Bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Camal (Ş.Axundova “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır. A.Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzRT fonduna daxil olunmuşdur.

Onun yaradıcılığında «Şur», «Segah» muğam-dəstgahları, «Arazbarı», «Qarabağ şikəstəsi» zərbi muğamları xüsusi yer tutur. Xüsusilə «Segah» muğamını A.Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük zövqlə ifa edir. A.Babayev qastrol səfərlərində çox olmuşdur. Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıtmışdır. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılmışdır. A. Babayev AMK-nın professoru, “Solo oxuma (xanəndəlik)” kafedrasının müdiridir. Onun yetirmələri - Nəzakət Teymurova, Aygün Bayramova, Fehruz Məmmədov, Sevinc Sarıyeva, Gülüstan Əliyeva, Könül Xasıyeva, Səbuhi İbayev və b. bu gün muğam sənətinin tanınmış simalarıdır.

A.Babayev muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.