Bakıxanov Məmmədxan Məmmədrza oğlu (1890, Bakı - 20.02.1957, Bakı)

– tarzən. Azərbaycanın əməkdar artisti (1943). İlk təhsilini İranda almış, 1916 ildən məclislərdə çıxış etməyə başlamışdır. 1920 ildən Bakıda fəaliyyət göstərmişdir. Şərq konservatoriyasında təhsil almış, Şirin Axundov və Məşədi Həsənin sinfində sənətini təkmilləşdirmişdir; eyni zamanda, konservatoriyanın inspektoru vəzifəsində çalışmışdır. 1923-1936 illərdə Əli Bayramov adına əməkçi türk qadınlarının Mərkəzi Mədəniyyət Sarayında tar müəllimi olmuş, ilk dəfə burada qızlardan ibarət “Şərq orkestri” yaratmışdır.

M.Bakıxanov gənc musiqiçi kadrların yetişdirilməsinə, milli musiqi mədəniyyətinin inkişafına böyük əmək sərf etmişdir. Onun rəhbərlik “Şərq orkestri” respublikada və başqa şəhərlərdə geniş konsert proqramları ilə çıxış edərək çox məşhurlaşmış, olimpiadalarda, festivallarda iştirak etmişdir; 1934 ildə Tiflis ş.-də keçirilən Zaqafqaziya incəsənət olimpiadasında, 1936 ildə Moskvada bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsində birincilik qazanmışdır.

M.Bakıxanov 1941 ildən ömrünün sonuna kimi ADF-nın solisti olmuşdur. Klassik muğam ifaçılığı texnikasına dərindən bələd olan mahir tarzən həm solo ifaçı, həm də müşayiətçi kimi tanınmışdı. O, musiqi məclislərində və konsertlərdə Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Zülfi Adıgözəlov kimi ustad xanəndələri müşayiət etmişdir. M.Bakıxanovun oğlu əməkdar artist Akif Bakıxanov tanınmış viola ifaçısı, Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik orkestrinin konsertmeysteridir.