Bədəlov Elman Kərim oğlu (04.06.1929, Ağdam
r-nu - 25.06.1991, Bakı)
- kamança ifaçısı. Azərbaycan əməkdar
artisti (1982). Gənc yaşlarından musiqi ilə məşğul
olmuş, tar və kamança alətlərində məharətlə
çalmışdır. Ağdam Dövlət Dram Teatrının
tamaşalarında, konsertlərdə çıxış
etmiş, Azərbaycan gənclərinin II festivalının
laureatı olmuşdur (1957). Bununla yanaşı, Ağdam
Pedaqoji Məktəbində fizika-riyaziyyat sahəsində
təhsil almış və müəllim kimi çalışmışdır
(1947-1951).
Professional musiqi təhsilini A.Zeynallı ad. ADMM-da (1957-1961)
və ADK-da (1975-1980) almışdır. 1958 ildən
ömrünün sonuna kimi AzRTV QSC S.Rüstəmov ad.
X.Ç.A. orkestrinin solisti və kamança qrupunun konsertmeysteri
olmuşdur. E.Bədəlov solo ifaçı və muğam
üçlüyünün tərkibində konsertlərdə
çıxış etmiş, bir çox ölkələrdə
(Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç
və s.) qastrol səfərlərində, beynəlxalq
musiqi festivallarında olmuşdur.
E.Bədəlovun ifasında “Şur”, “Segah”, “Şüştər”,
“Rəhab”, “Nümayun”, “Bayatı-Şiraz”, “Rast” və
b. instrumental muğamlar AzRT Fondunda saxlanılır. Sənətkarın
ifasında bu muğamlar həzinliyi, emosionallığı,
dərinliyi, improvizasiya ustalığı ilə seçilir.
E.Bədəlov pedaqoji fəaliyyətlə məşğul
olmuş, Bülbül ad. OİMM-də və ADK-da dərs
demişdir. Yetirdiyi çoxsaylı tələbələri
- Ədalət Vəzirov, Ağacəbrayıl Abasəliyev,
Yaqut Seyidova və b. onun ifaçılıq ənənələrinin
davamçılarıdır.