Behbudov Məcid Behbudalı oğlu (18.04.1873, Şuşa – 06.09.1945, Qazax)

– xanəndə. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi. Gözəl səsi olan və uşaqlıqdan xanəndə olmaq arzusu ilə yaşayan Məcid Behbudov bir müddət məsciddə nohə oxumuş və minacat vermiş, xüsusi məclislərdə və toy şənliklərində xanəndəlik etməyə başlamışdır.

O, əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də sonralar uzun illər Tiflisdə yaşamış və konsertlər vermişdir. Öz müasirləri kimi, Məcid Behbudov da öz gözəl səsi və ifa tərzi ilə diqqəti cəlb etmiş, «Qrammofon» şirkəti onu 1910 ildə Riqa şəhərinə səsini vala yazmağa dəvət etmişdi. Riqada xanəndə Məcid Behbudov Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğam, təsnif və xalq mahnılarını oxuyub vala yazdırır. Məcid Behbudovun repertuarı geniş və rəngarəng idi. “Mirzə Hüseyn Segahı”, “Şüştər”, “Çahargah” muğamlarının mahir ifaçısı sayılırdı.

O, klassik muğamlarla yanaşı, Qafqaz xalqlarının dillərində də mahnılar oxumaqla dinləyiciləri valeh edirdi. Xanəndə Azərbaycanda opera teatrının inkişafında da yaxından iştirak etmişdir. O, 1910 illər ərzində Azərbaycanda meydana gəlmiş bir sıra muğam operalarında və operettalarda çıxış etmişdir. Bu baxımdan, o dövrün afişa və mətbuat səhifələrindən maraqlı məlumatlar əldə etmək olar. Belə ki, Məcid Behbudov Ü. Hacıbəyovun opera və operettalarında, M.C.Əmirovun «Seyfəl-Mülk» operasındakı rolları ilə yadda qalmışdır. Məcid Behbudov Azərbaycanın şəhərləri, Qafqaz ölkələri ilə yanaşı, İranda da qastrol səfərlərində olmuş, dinləyicilər tərəfindən böyük sevgi ilə qarşılanmışdır. Məcid Behbudov ömrünün çox hissəsini Gürcüstanda yaşamış, Tiflis teatrlarında, konsert salonlarındakı çıxışları ilə yaddaşlara həkk olunmuşdur.

Onun Qafqaz ölkələrində Azərbaycan musiqisini təbliğ etmək sahəsində mühüm xidmətləri vardı. Ömrünün son illərini isə Məcid Behbudov Qazax rayonunda yaşamışdır. O, burada mədəniyyət evində çalışmış, bir sıra istedadlı xanəndələr yetişdirmişdir. Məcid Behbudovun övladları Azərbaycan mədəniyyətində mühüm rol oynamışlar: məlahətli səsi ilə dünyanı fəth edən müğənni, SSRİ xalq artisti Rəşid Behbudov, rejissor, Rusiyanın xalq artisti Ənvər Behbudov, aktrisa, Azərbaycanın əməkdar artisti, Nəcibə Behbudova ailə ənənəsini davam etdirmişlər.