Çahargah muğamı

– Azərbaycan şifahi ənənəli professional musiqisində ən böyük muğam dəstgahı. Məcmusu: “Bərdaşt”, “Mayəyi-Çahargah”, “Bəstə-Nigar”, “Hasar”, “Müalif”, “Qərrə”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə”, “Üzzal”, “Çahargaha ayaq” şöbə və guşələrindən ibarətdir. Hazırda dəstgahın yığcam və lakonik ifası məqsədilə: “Bərdaşt”, “Mayəyi-Çahargah”, “Bəstə-Nigar”, “Hasar”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə” (zərbi muğamı) tərkibdə ifa olunur. “Çahargah” Şərq xalqları musiqisində də geniş yayılmış muğamlardan biridir. “Çahargah” – orta əsrlərdə Yaxın Şərq xalqlarının musiqisində muğam şöbəsi olmuşdur (Ə.Marağai).

XIX əsr Azərbaycan musiqisində “Çahargah” dəstgahı aşağıdakı muğam şöbələrindən ibarət idi: “Çahargah”, “Segah”, “Zabol”, “Yədi-hasar”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə”, “Zəmin-xara”, “Mavərənnəhr”, “Hicaz”, “Şahnaz”, “Azərbaycani”, “Əşiran”, “Zəng-şötör” və “Kərkuki” (M.M.Nəvvab). “Çahargah” parlaq, virtuoz, qəhrəmani xarakterli, dərin dramatik məzmunlu bir dəstgahdır. Musiqi alimlərinin fikrincə, çahargah məqamı göy gurultusu ilə əlaqədar olaraq yaradılmışdır (M.M.Nəvvab “Vüzuh-ül-ərqam”). “Çahargah” dinləyicidə coşqunluq və ehtiras hissi oyadır. (Ü.Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları”).