Fərabi

(Farabi Əbu Nəsr Məhəmməd ibn Məhəmməd; 870, Farab - 950, Dəməşq)

 

- Şərq filosofu, ensiklopediyaçı-alim. Orta Asiyada türk qəbiləsindən olan hərbi xidmətçi ailəsində doğulmuşdur. Bağdadda Əbu Bişr Məttədən və Yuhənna İbn Heylandan təhsil almış, fəlsəfi biliklərə, məntiqə dərindən yiyələnmişdir. “Təhsil əs-səadə” (“Xoşbəxtliyin əldə edilməsi”), “İhsa əl-ülum” (“Elmlərin siyahıya alınması”) və s. elmi, fəlsəfi əsərlərin müəllifidir. Fərabi Aristotelin, Platonun, Ptolemeyin, Porfirinin əsərlərini şərh etmiş, orta əsr müsəlman Şərqində Aristoteldən sonra “İkinci müəllim” (“əl-Müəllim əs-sani”) fəxri adını almışdır.

Musiqiyə dair “Kitab əl-musiq əl-kəbir” (“Musiqi haqqında böyük kitab”) çoxcildli məşhur əsərində Farabi musiqi elmini nəzəri və əməli hissələrə bölüb, melodiyanın daxili düzülüşünü, qanunauyğunluqlarını hesablamışdır. Şərq musiqisinin ritmik əsasını dəlillərlə şərh etmişdir. Fərabi məşhur musiqiçi, bəstəkar, yeni musiqi alətlərinin ixtiraçısı olmuşdur. Fərabinin elmi-fəlsəfi irsi İbn Sina, Bəhmənyar, Nizami, İbn Rüşd, Səfiəddin Urməvi, N.Tusi, İbn Xəldun və b. üçün zəngin bilik xəzinəsi, ideya qaynağı olmuşdur.