Fərzəliyev Məşədi Məmməd
(1872, Şuşa - 1962, İstanbul)
–
xanəndə. Azərb. xanəndəlik məktəbinin
ən görkəmli nümayəndələrindən
biri. M.M. Fərzəliyev musiqi təhsilini Şuşada,
Xarrat Qulunun məktəbində almışdır. Zəngin
yaradıcılıq yolu keçmiş Məşədi
Məmməd güclü nəfəsə, geniş diapazonlu
gur səsə malik olmuşdur. O, səsinin gücünü
ucalığına və səslənmə tempinə
görə sərbəst dəyişmək qabiliyyəti,
sürəkli, çağlayan zəngulələri ilə
məşhur idi. Məşədi Məmməd dinləyicilər
qarşısında həmişə zəngin və
orijinal repertuarla çıxış etmişdir.
Onun oxuduğu «Bayatı-Kürd», «Rast», «Şur», «Çahargah»,
«Zabul-Segah», «Kürd Şahnaz» muğam-dəstgahları,
«Heyratı», «Mənsuriyyə», «Səmayi-Şəms»,
«Qarabağ şikəstəsi», «Arazbarı», «Kərəmi»,
«Əfşarı» zərbi-muğamları dinləyicilər
tərəfindən böyük rəğbətlə
qarşılanmışdır. Xüsusilə, Azərb.
xanəndəlik sənəti tarixində «Şüştər»
muğamının mahir ifaçısı kimi tanınmışdır.
O, qədim Azərb.mahnılarını və təsnifləri
böyük məharətlə ifa edirdi. «Qarabağda
bir dənəsən», «Alma», «Nəbi», «Vətən şərqisi»,
«Mən bir türkəm», «Axşam oldu» onun şövqlə
ifa etdiyi təsniflər idi. 1912-1915 illərdə M.M.
Fərzəliyev «Sport-Rekord» (Varşava) və “Ekstrafon”
(Kiyev) səhmdar cəmiyyətlərinin dəvəti
ilə 40-a qədər muğam, təsnif və mahnı
oxuyub vala yazdırmışdır.
M.M.Fərzəliyev, həmçinin geniş konsert fəaliyyəti
ilə məşğul olur, «Şərq konsert»lərində,
teatr tamaşalarında çıxış edirdi. 1923
ildə Məşədi Məmməd Gəncədə
açılan şəhər musiqi məktəbində
muğamatdan dərs demək üçün dəvət
alır. Burada o, gənc xanəndələrin yetişməsinə
böyük qayğı göstərir. 1926 ildən
M.M.Fərzəliyev muğam üçlüyünün
müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində,
Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə,
Avstriya, Rumıniya, Türkiyə və İranda dəfələrlə
konsertlər vermişdir. 1929 ildən Türkiyəyə
köçərək, ömrünün sonuna kimi burada
yaşamışdır. M.M.Fərzəliyev Azərb.
xanəndəsi kimi milli musiqi mədəniyyətini xaricdə
geniş surətdə tanıtmışdır.