Haşımov Bakir Musa oğlu

(1926, Ağdam – 1989, Bakı)

 

– xanəndə. Qarabağ xanəndəlik ənənələrinin davamçısı. Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950 illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir.

B.Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B.Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu ADOBT-da solist dəvət etmişlər. B.Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasında Məcnun, İbn Səlam, «Əsli və Kərəm» operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.