Hüseynov Əlikram Həsən oğlu

(20.04.1926, Bakı – 2006, Bakı)

 

- tarzən, əməkdar artist (2001). ADMM-də təhsil almışdır. Müəllimləri Adil Gəray, Əhməd Bakıxanov olmuşlar. 1947 ildə Praqada keçirilən I Ümumdünya gənclər festivalında «Laureat diplomu» ilə mükafatlandırılır. 1947-1964 illərdə ADF-na dəvət alır, orada Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Əbülfət Əliyev, Zeynəb Xanlarova, Bülbül, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva kimi məşhur sənətkarları tarda müşayiət edir.

1951-1953 illərdə Şuşaya musiqi məktəbinin direktoru və tar üzrə müəllim göndərilir. 1954 ildə ADU-nin filologiya fakultəsinə daxil olur. 1957-2000 illər ərzində ADOBT-da solist kimi çalışır. Bir çox operalarımızda solo partiyaları ifa edib: Ü.Hacıbəyov - «Leyli və Məcnun», «Əsli və Kərəm», «Koroğlu», Z.Hacıbəyov - «Aşıq Qərib», M.Maqomayev - «Şah İsmayıl» və s.