Hüseynov Hacıbaba Hüseynəli oğlu

(19.03.1919, Bakı – 24.10.1993, Bakı)

 

– xanəndə, xalq artisti (1991). H.Hüseynov ruhani ailəsində böyümüşdür. Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarına yiyələnərək, qəzəllər yazmağa başlamışdır. O, əvvəlcə nağaraçı olmuş, virtuoz qaval çalan kimi məşhurlaşmışdır. Tədricən muğam və təsniflər oxumağa başlamışdır. Onun səs diapazonu o qədər də geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilmişdir.

O, muğam ustadlarının ənənələrindən bəhrələnərək, bu sənətdə öz dəst-xəttini yaratmağa müvəffəq olmuşdur. Uzun illər ADMM-də muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır. H.Hüseynovun yaratdığı təsniflər mürəkkəb ritm duyğusu ilə aşılanmış melodiyaları və zövqlə seçilmiş mətnlərinə görə dinləyicilərin yaddaşına hopmuşdur.