Keçəçioğlu Məhəmməd
(Məhəmməd Məşədi Xəlil oğlunun
təxəllüsü; 1864, Şuşa – 1940, Quba)
–xanəndə. Azərbaycan musiqi mədəniyyətinin
inkişafında əhəmiyyətli rol oynamışdır.
Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun
məktəbində və məşhur xanəndə
Məşədi İsidən öyrənmişdir. Qarabağ
məktəbinin digər görkəmli nümayəndələri
ilə yanaşı, o, öz yaradıcılığında
muğam sənətini inkişaf etdirmiş, Azərbaycan
muğamının şöhrətini hər yana yaymışdır.
Onun repertuarında klassik muğamlar, təsnif və xalq
mahnıları əsas yer tuturdu. Geniş diapazonlu güclü
və zil səsə malik xanəndə bütün muğam-dəstgahları
və zərbi muğamları ustalıqla oxuyurdu.
Keçəçi oğlu Məhəmməd öz sənətinə
tələbkarlıqla yanaşan və öz üzərində
daim, yorulmaq bilmədən çalışan xanəndə
olmuşdur. Oxuduğu «Zəmin-xarə», «Hümayun» kimi
muğamlarla o, dinləyiciləri ələ almağı
və öz bənzərsiz ifası ilə onları
valeh etməyi bacarırdı. Keçəçi oğlu
Məhəmməd klassik muğamları, həmçinin,
«Nəva», «Mahur» və «Bayatı-Qacar» muğamını
orijinal bir şəkildə, özünəməxsus
cəhətlərlə ifa edirdi. Bununla yanaşı,
o, xüsusən zərbi-muğamların təbliğatçısı
kimi tanınmışdır. 1904-cü ildən Bakıda
fəaliyyət göstərmiş, Qurban Primov, Məşədi
Zeynal kimi tarzənlərlə birgə musiqi məclislərində
və toylarda, Şərq konsertlərində çıxış
etmişdir.
Onun ifasında bir sıra muğam, təsnif və xalq
mahnıları 1912 ildə “Sport-rekord” (Varşava), 1914-cü
ildə “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən
qrammofon valına yazılmışdır. Burada Keçəçi
oğlu Məhəmməd «Rahab», «Şahnaz», «Dəşti»,
«Çoban bayatı» muğamlarını, «Heyratı»,
«Qarabağ şikəstəsi» zərbi muğamlarını
ifa etmişdi. Eyni zamanda, o, «Getdi-gəlmədi», «Gülə-gülə»,
«Xuraman», «Axşam oldu» təsniflərini də vala yazdırmışdır.
Xüsusilə onun «Leyli» təsnifi dillər əzbəri
olmuşdur. Xanəndə Şərq konsertlərində
də çıxışları ilə xalqın məhəbbətini
qazanmışdı. Xüsusilə onun Cabbar Qaryağdı
oğlu ilə birgə Füzulinin «Leyli və Məcnun»
poemasından səhnələri duet şəklində
oxumaları çox məşhur idi. Onun qastrol səfərləri
də qeyd olunmalıdır. Xanəndəliklə yanaşı,
pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Keçəçi oğlu Məhəmməd bütün
qüvvəsini və biliyini musiqi mədəniyyətimizin
inkişafına həsr etmişdir. 1926 ildə Üzeyir
Hacıbəyovun təşəbbüsü ilə Keçəçi
oğlu Məhəmməd ADK-na dəvət edilir. O,
burada Azərbaycanın bir çox tanınmış xanəndələrini
yetişdirmişdir.