Məmmədov Yaqub Məhəmməd oğlu

(1930-2003)

 

– xanəndə. Azərbaycan xalq artisti (1991). Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsidir. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini ADMM-də almış, görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahları, xanəndəlik sənətinin sirlərini öyrənmişdir. Öz müəllimindən Yaqub Məmmədov, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər almışdır.

Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdi. O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Y.Məmmədov uzun illər ADF-nın solisti olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammofon vallarına yazılmış muğam-dəstgahlar təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə məşhurlaşmışdır. O, Qarabağ xanəndəlik məktəbinin ənənələrinə əsaslanaraq, onları yeni səviyyədə inkişaf etdirmiş, özünəməxsus ifaçılıq üslubu ilə seçilmişdir. Ustad xanəndə kimi püxtələşmiş Y.Məmmədov sənətdə öz ənənələrini yaratmışdır və öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.