Mirzə Fərəc Rza oğlu Rzayev
(15.03.1847, Bakı – 27.03.1927, Bakı)
– tarzən. İfaçılıq sənəti Bakı
(Abşeron) muğam ifaçılığı məktəbi
ilə bağlıdır. Tar ifaçılığını
tarzən Şirazlı Əlidən öyrənmiş,
sənətini təkmilləşdirmək məqsədilə
bir müddət İranda yaşamış və muğam
sənətinin dərin sirlərinə yiyələnmiş,
qədim musiqi traktatları ilə tanış olmuşdur.
Mirzə Fərəc Bakıda Məşədi Məlik
Mansurovun musiqi məclislərinin fəal üzvü olmuşdur.
Bir çox məşhur xanəndələrlə birgə
çalışmışdır. Musiqi tarixi ilə yaxından
maraqlanmış, muğamların dərin bilicisi kimi
tanınmışdır.
Üzeyir Hacıbəyovun rəhbərliyi ilə 1925
ildə muğam tədrisi üzrə ilk proqramın
hazırlanmasında digər görkəmli muğam ustadları
ilə yanaşı iştirak etmiş, “Muğam komisyonu”nun
üzvü olmuşdur. Onun tərtib etdiyi muğam cədvəlləri
o dövrün muğam ifaçılığı təcrübəsində
mövcud olan muğamlar, onların tərkibindəki
şöbə və guşələr barədə
dolğun məlumat verir və müasir musiqi elmi üçün
mühüm əhəmiyyətə malikdir.