Mirzə Məhəmmədhəsən İsmayıl
oğlu
(1851, Şamaxı - 1917, Şamaxı)
- xanəndə. Şirvan bölgəsinin musiqi həyatının,
xüsusilə də Şamaxılı mesenat Mahmud ağanın
sarayında təşkil olunan muğam məclislərinin
böyük təsiri olmuşdur. Onun ilk muğam müəllimi
Kərbəlayı Əkbər Mahmud ağanın sarayında
xanəndə idi. Gənc Məhəmmədhəsən
dini mərasimlərdə iştirak etmiş, Kərbəlayı
Əkbərdən muğam və təsnifləri dərindən
öyrənmişdir. Onun istedadını dəyərləndirən
Mahmud ağa onu öz sarayına dəvət etmişdir.
O, burada püxtələşərək, dövrünün
mahir xanəndələrindən biri kimi tanınmış,
hətta muğam məclislərində Hacı Hüsü,
Əbdülbaqi Zülalov kimi ustad xanəndələrlə
yarışa girmişdi; muğamatı və poeziyanı
dərindən bildiyinə və özü də şeirlər
yazdığına görə onu “Mirzə” çağırırdılar.
O, təkcə Azərbaycanda deyil, Zaqafqaziyanın hər
yerində çox məşhurlaşmışdı.
O, “Şur”, “Şüştər”, “Hümayun”, “Rast”
muğamlarını, xüsusilə “Mənsuriyyə”
zərbi muğamını böyük məharətlə
oxumuşdur. “Sarıtorpaq şikəstəsi”nin, xanəndələrin
repertuarına daxil olmuş bir çox təsniflərin
yaradıcı hesab olunur. Mirzə Məhəmmədhəsən
həm də şair olmuşdur. Onun qəzəllərindən
muğam ifaçılığında istifadə olunur.
Ömrünün son illərində o, kor və kar olmuş,
həyatı ağır ehtiyac içində keçmişdir.
O, bütün duyğularını öz şeirlərində
təcəssüm etdirmişdir. Onun “Nalə” adlı
şeirlər kitabı 1916 ildə çap olunmuşdur.