Muğam Dəstgahları
- Şifahi ənənəli Azərbaycan
professional musiqisinin ən böyük janrı, mükəmməl
və klassik formasıdır. “Dəstgah” sözü
- “dəst” - bütöv, tam, “gah” - yer, mövqe deməkdir.
Dəstgah - muğamın vokal-instrumental şəkildə
bütün hissələrinin - şöbə, guşə,
rəng, təsniflərin tam, bütövlükdə,
muğam kompozisiyasının tələbləri səviyyəsində
ifası deməkdir. Dəstgahın ən başlıca
xüsusiyyəti muğam şöbələrinin və
guşələrinin, təsnif və rənglərin
məntiqli surətdə ardıcıllaşaraq, silsilə
yaratmasından ibarətdir. Bunun da nəticəsində
muğam dəstgahlarının özünəməxsus
inkişaf dramaturgiyası yaranır.
Beləliklə, muğam dəstgahları kamil formalı,
çoxhissəli, silsilə quruluşlu musiqi əsərləridir.
Azərbaycan muğam dəstgahları bunlardır: “Rast”,
“Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Mahur-hindi”,
“Orta Mahur”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segahı”,
“Xaric Segah”, “Şüştər”, “Hümayun”. Bu muğam
dəstgahları rast, şur, segah, şüştər,
bayatı-şiraz, çahargah, hümayun məqamlarına
əsaslanır. Bir məqam əsasında bəzən
bir neçə muğam qurulur, beləliklə, muğam
ailələri əmələ gəlir. Azərbaycan
musiqisində “Rast”, “Şur”, “Segah” muğam ailələri
yaranmışdır.
Muğam dəstgahlarının mətn əsasını
qəzəllər təşkil edir. Qəzəl seçimi
hər bir xanəndənin öz zövqündən və
istəyindən asılı olmaqla yanaşı, həm
də muğamın xarakteri ilə bağlı olur: məs.,
“Rast”da oxunan qəzəllər “Segah”da və ya “Çahargah”da
oxunmur. Muğam dəstgahların ifası müddəti
(xronometraj) sabit deyil. Eyni dəstgah 2-3 saat, 30-40 dəqiqə
və ya 10-15 dəqiqə müddətində ifa oluna
bilər.