Musiqi təhsili


musiqi fəaliyyəti üçün vacib olan biliklərə və vərdişlərə yiyələnmək prosesi. Musiqi təhsili anlayışı həmçinin, musiqi təhsili sisteminin təşkilini bildirir.

Ümumi və xüsusi musiqi təhsili anlayışı mövcuddur: Ümumi musiqi təhsili hər bir insana həvəskar səviyyədə musiqi ilə məşğul olmaq üçün bilik və vərdişlərin öyrədilməsini nəzərdə tutur. Bu da insanların musiqi tərbiyəsində mühüm rol oynayır. Ümumtəhsil məktəblərində, uşaq yaradıcılıq evlərində və musiqi dərnəklərində bu proses gedir.

Xüsusi musiqi təhsilinin əsas məğzini müəyyən təhsil ocağında müəllimin rəhbərliyi altında xüsusi bilik və vərdişlərin öyrədilməsi təşkil edir. Bunun əsas məqsədi musiqi sahəsində mütəxəssis kadrların hazırlanması ilə bağlıdır.

Xüsusi musiqi təhsili üç səviyyədən ibarətdir: ibtidai, orta və ali təhsil. Hər bir səviyyəyə uyğun müəyyən musiqi təhsili ocaqları fəaliyyət göstərir: uşaq musiqi məktəbləri, orta-ixtisas musiqi məktəbləri, ali musiqi məktəbləri. Azərbaycanda ibtidai musiqi təhsili ocaqları olaraq, çox sayda uşaq musiqi məktəbləri, incəsənət məktəbləri fəaliyyət göstərir.

Orta-ixtisas musiqi təhsili respublikanın iri şəhərlərində fəaliyyət göstərən musiqi texnikumlarında, o cümlədən, A.Zeynallı adına Bakı Musiqi Kollecində, Bülbül adına Orta ixtisas musiqi məktəbində aparılır.

Ali təhsil ocaqları: Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və digər universitetlərin musiqi fakultələri.