Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə

(20.06.1912, Tiflis – 02.08.1984, Bakı)

 

- dirijor, bəstəkar, ictimai xadim. SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951, 1952), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı laureatı (1967), Beynəlxalq Nehru mükafatı laureatı (1974). Z.Hacıbəyovun oğludur. Niyazinin musiqiçi kimi formalaşmasında Ü.Hacıbəyovun böyük rolu olmuşdur. Moskvada və Leninqradda (Peterburqda) musiqi təhsili almış, ADK-nın aspiranturasında oxumuşdur. Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə 1930 illərdə başlamışdır. Azərbaycan Dövlət Simfonik Orkestrinin formalaşmasında yaxında iştirak etmiş, 1938 ildən (müəyyən fasilələrlə) ömrünün sonuna kimi orkestrin bədii rəhbəri və baş dirijoru olmuşdur.

Niyazinin ifaçılıq fəaliyyəti, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə (1937 ildən başlayaraq, 1958-1959; 1961-1965 - direktor, bədii rəhbər və baş dirijor), Leninqrad Opera və Balet teatrı ilə, ADF-sı ilə (1979-1984 - direktoru) bağlı olmuşdur. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində Niyazinin xidmətləri böyükdür.

Niyazinin repertuarında Azərbaycan və xarici bəstəkarların əsərləri mühüm yer tutmuşdur. Orijinal istedada malik sənətkar olan Niyazinin dirijorluğu üçün yüksək musiq mədəniyyəti, dərin erudisiya, güclü iradə səciyyəvidir. Onun təfsirində klassik və müasir əsərlər ideya-emosional məzmunu cəhətdən dolğun, ifadəli və yüksək ehtirasla səslənir. Azərbaycan bəstəkarlarının simfonik və səhnə əsərlərinin ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmış, milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəyovun “Koroğli” operası dünya musiqisi xəzinəsinə daxil olmuşdur. Niyazi bir sıra simfonik əsərlərin (“Rast” sinfonik muğamı), opera (“Xosrov və Şirin”), balet (“Çitra”), vokal əsərlərinin müəllifidir. Niyazinin “Rast” simfonik muğamı (1949) dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. Əsər müəllifin idarəsilə bir çox xarici ölkələrdə səslənmiş, Çexoslavakiyanın (“Suprafon”) və ABŞ-ın (“Rikordi”) musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır.