Pifaqor Samoslu

(təxm. e.ə. 570 - e.ə. 500)

 

- qədim yunan filosofu, riyaziyyatçısı. Krotonda pifaqorçuluq fəlsəfi məktəbini yaratmışdır. Fəlsəfə, riyaziyyat, astronomiya ilə yanaşı, Pifaqor məktəbində musiqiyə ciddi diqqət yetirilirdi. Musiqi elminin nəzəri əsaslarının öyrənilməsi Pifaqorun adı ilə bağlıdır. Pifaqor musiqinin əsasını təşkil edən məqamları rəqəmlərin - konsonansların ilahi harmoniyası kimi qəbul edirdi. Onun fikrincə, musiqinin qüdrəti melodiyanın etosunun insan qəlbinə təsirindən ibarətdir.

Platona görə, musiqi harmoniyası - mikrokosmos, kainatın bir hissəsidir. Kocmosun musiqi-kəmiyyət ifadəsi simvolik olaraq, “tetraktid”də - ilk dörd rəqəmin cəmində (“dekada”da: 1+2+3+4=10) öz ifadəsini tapır və bu da əsas musiqi intervallarını: oktava (2:1), kvinta (3:2), kvarta (4:3) əmələ gətirir. Bunlar Pifaqor quruluşunun əsasını təşkil edən riyazi hesablamalar nəticəsində əldə olunmuş bir sistemdir. Bir çox filosoflar bu məktəbdən bəhrələnmişlər.

Kainatın harmoniyası kontekstində rəqəmlərin fəlsəfəsinə, mütənasiblik estetikasına əsaslanaraq, musiqi səsləri, intervallar (o cümlədən, mikrotonlar), konsonans və dissonanslar, məqamlar, musiqinin quruluşu haqqında musiqi-nəzəri sistemlər meydana gəlmişdir.