Qanun
– simli musiqi aləti.
Yaxın və Orta Şərqdə geniş yayılmışdır.
Azərbaycan şairləri Nizaminin, Füzulinin və
b. əsərlərində bu alət haqqında məlumat
verilmişdir. Qanun üzərində naxışlı
üç rezonator dəliyi olan düzbucaqlı trapesiya
formalı yastı taxta qutudan ibarətdir. Qanunun üzünün
aşağı hissəsinə çəkilmiş dərinin
üzərində xərək yerləşir. Xərəyin
üstündən 24-25 üçləşdirilmiş
sim keçir.
Qanunun simləri barmaqlara taxılmış oymağabənzər
metal mizrablarla səsləndirilir. Diapazonu üç oktava
yarımdır (böyük oktavanın sol səsindən
ikinci oktavanın si bemol səsinə qədər). Qanunun
incə, məlahətli səsi var. Azərbaycan xalq çalğı
alətləri ansamblının və orkestrin tərkibinə
daxildir.