Qlier Reynhold Moritseviç

(1875-1956)

 

– rus bəstəkarı, dirijor. Azərbaycan (1934) və SSRİ (1938) xalq artisti. Azərbaycan musiqi folkloru və “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” operasını yazmışdır (libretto müəllifi Cəfər Cabbarlı; ilk tamaşası 1927, 2-ci redaksiyası 1934). 1920-30-cu illərdə Qurban Pirimov Cabbar Qaryağdı oğlu ilə birlikdə Reynqold Qliyerə «Şahsənəm» operası üzərində iş prosesində yaxından kömək etmiş, Azərbaycan xalq mahnı və təsniflərindən bəzi nümunələri bəstəkara öyrətmiş, onların nota salınmasında iştirak etmiş, eyni zamanda, Azərbaycan musiqisinin zəngin xəzinəsi haqqında məlumatları bəstəkara çatdırmışlar.

R.M.Qlier “Şah Sənəm” operasının necə bəstələndiyi haqqında məqaləsində bununla bağlı olaraq yazır: ”Xalq şeriyyətinin tükənməz mənbəyini və zəngin xəzinəsinin qapısını qarşımda taybatay açan mənim müəllimlərim: qocaman xalq müğənnisi Cabbar Qaryağdı oğlu ilə tarçı Qurban Primov olmuşlar”. ”Şah Sənəm” operasının musiqi mətnində R.M.Qlier 28 xalq melodiyasından istifadə etmişdir. Onların arasında görkəmli opera müğənnisi Şövkət Məmmədovanın iki türk xalq mahnısını, operanın libretto müəllifi, böyük dramaturq Cəfər Cabbarlının – iki türk xalq mahnısını, həmçinin konservatoriyanın professoru B.Karaqiçevin bir azərbaycan xalq mahnısını bəstəkara verdiyi məlumdur. Digər xalq mahnı, instrumental rəng və rəqs melodiyalarını Cabbar Qaryağdı oğlu və Qurban Primov tərəfindən ifa edilmişdir. Onlardan “Naxçıvanda”, “Qadan alım ay alagöz”, “Bəli, bəli can”, “Onu demə zalım yar” xalq mahnıları və təsniflərlə yanaşı, “Hüseyni” rənginin, “Qarabağ şikəstəsi” instrumental melodiyasının, “Çahargah” muğamının melodiyasının, “Arazbarı” zərbi-muğamının mövzusunun, “Ənzəli” Azərbaycan xalq rəqsinin, “Dərin bahar” fars xalq mahnısının, asıqların yarışmasının əsasını təşkil edən “Kərəmi” havası qeyd olunmalıdır.

R.M.Qlier “Şahsənəm” operasının yaranma tarixinə həsr olunmuş məqaləsində Azərb. musiqisinə dair bir sıra diqqətəlayiq fikirlər söyləmiş, muğamların əsas xüsusiyyətlərini belə səciyyələndirmişdi: “Azərbaycan muğamları xalq dastanının əzəmətini, vüsətini ifadə edərək, cilalanmış, püxtələşmiş forması və müdrik bitkinliyi ilə bizi heyran qoyur”.