Quliyev Məmməd Mehdi oğlu

(09.02.1936, Göyçay - 2001, Bakı)

 

– bəstəkar. Azərbaycan əməkdar incəsənət xadimi (1992). ADMM-ni tar ixtisası üzrə bitirmiş (1958), ADK-da bəstəkarlıq şöbəsində (1958-1963; Qara Qarayevin sinfində) təhsil almışdır. M.Quliyev “Aldanmış ulduzlar” (M.F.Axundovun povesti əsasında) operasının, 7 simfoniyanın, instrumental konsertlərin, iri həcmli xor əsərlərinin, o cümlədən, “Dədə Qorqud diyarı” (Fikrət Qocanın sözlərinə) kantatasının, “Şəbi-hicran” (Füzulinin sözlərinə) lirik poemasının, kamera-instrumental əsərlərin müəllifidir.

Muğam sənətinin bilicisi olan M.Quliyev öz yaradıcılığında daim muğam ənənələrinə müraciət etmiş, onları müasir bəstəkarlıq texnikası ilə qovuşdurmağa çalışmışdır. Xüsusilə simfonik yaradıcılığında bu qovuşma özünü qabarıq büruzə verir. Bəstəkarın 3 saylı “Azərbaycan” simfoniyası qadın xanəndə, solistlər, xor və simfonik orkestr üçün yazılmışdır. 4 saylı simfoniya “Muğam” adlanır. Kamera orkestri üçün “Muğamsayağı” əsərini bəstələmişdir.