Səfiəddin Urməvi
(Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir əl-Urməvi;
1230, Urmiya - 28.01.1294, Bağdad)
- Azərb. musiqişünası, musiqi ifaçısı,
bəstəkar, şair, xəttat. S.Urməvi ud alətində
mahir ifaçı olmuş, nüzhə və muğni
musiqi alətlərini ixtira etmişdir. S.Urməvinin zəngin
yaradıcılığı, onun elmi ixtiraları Azərb.
musiqişünaslığının əsasını
qoymuş, onun qiymətli irsini təşkil etmişdir.
S.Urməvinin elmi irsi, eyni zamanda, Orta və Yaxın Şərq
musiqi nəzəriyyəsinin və mədəniyyətinin
inkişafında mühüm mərhələ təşkil
edir.
O, musiqişünaslıq və ədəbiyyatşünaslığa
aid qiymətli risalələrin müəllifidir. “Kitabül-ədvar”
(“Dövrlər və ya dairələr haqqında kitab”)
və “Risaleyi Şərəfiyyə” əsərləri
musiqi nəzəriyyəsinə aid fundamental risalələrdir.
Yaxın və Orta Şərq musiqisində “sistemçilik”
adı ilə məşhur məktəbin banisi olan S.Urməvinin
yaradıcılığının Şərq musiqi
nəzəriyyəsi sahəsində ən böyük
nailiyyəti Azərb., eləcə də bütün
yaxın və Orta Şərq musiqisinin əsasını
təşkil edən səs kompleksləri sistemini qaydaya
salmasıdır. Bu sistemə əsaslanaraq, S.Urməvi
mükəmməl cədvəl (tabulatura) yaradaraq, 12
məqam dairə və 6 avazın səs qatarını
vermişdir.
S.Urməvi “Kitabül-ədvar”da özünün icad
etdiyi “əbcəd not sistemi” ilə XIII əsrin 4 musiqi
parçasını yazıb saxlaya bilmişdir. Əsərlərində
bir çox nəzəri və estetik problemləri araşdırmışdır.
“Kitabül ədvar” pisaləsinin əlyazma nüsxələri
dünyanın bir sıra mötəbər kitabxanalarında
saxlanılır. AMEA Mİİ-nun kitabxanasında bu
əsərin İstanbulun Nuri-Osmaniyyə kitabxanasından
1940 illərdə Ü.Hacıbəyovun təşəbbüsü
ilə gətirilmiş fotosurəti vardır.
S.Urməvinin “Kitabül-ədvar” və “Şərəfiyyə
risaləsi” “Muğam-İrs” layihəsi çərçivəsində
Azərbaycan Mədəniyyətinin Dostları Fondu və
AMEA-nın M.Füzuli ad. Əlyazmalar İnstitutu ilə
birgə azərb. dilinə tərcümə olunaraq,
çap edilmişdir (2006).