Segah muğam ailəsi

 

- Azərb. musiqisində “Segah” ən geniş yayılımış və sanballı dəstgahlardandır. Azərb. “Segah”ın bir neçə variantı mövcuddur: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır.

Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: “Xaric Segah” si (kiçik oktava) mayəli, “Orta Segah” - mi (I oktava) mayəli, “Zabul Segah” - mi (kiçik oktava) mayəli, “Mirzə Hüseyn Segahı” - lya (I oktava) mayəli, “Yalxın Segah” - re (I oktava) mayəli, “Haşım Segahı” - sol (I oktava) mayəli segah məqam-tonallığında qurulur. “Segah”ın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur.