Səməd Vurğun

(Səməd Yusif oğlu Vəkilovun təxəllüsü; 21.03.1906, Qazax r-nu, Yuxarı Salahlı k. - 27.05.1956, Bakı)

 

- şair, dramaturq, ictimai xadim. Azərb. xalq şairi (1956), Azərb.əməkdar incəsənət xadimi (1943), AMEA-nın akademiki (1945), fəxri filologiya elmləri doktoru (1956), SSRİ Dövlət mükafatı laureatı (1941,1942). XX əsr Azərb. ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Onun yaradıcılığı müasir şeirinin inkişafında mühüm rol oynamışdır. Yüksək xəlqilik və şeriyyət, həyat həqiqəti ilə şairin romantik arzularının üzvi vəhdəti S.Vurğunun poetik üslubunun başlıca xüsusiyyətidir.

Onlarca şeir və poema kitablarının, “Vaqif”(1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) və s. pyeslərin müəllifidir. S.Vurğunun şeirlərinə bəstəkarlar onlarla müxtəlif janrlı əsərlər - opera, kantata, mahnı və romanslar bəstələmişlər. S.Vurğun poeziyasının aşıq və xanəndə yaradıcılığına böyük təsiri olmuşdur. Bir çox ənənəvi aşıq havaları S.Vurğunun sözləri əsasında oxunur (məs., “Dağlar”, “Geyran” və s.). “Qarabağ şikəstəsi”ndə də ilk dəfə Xan Şuşinski Səməd Vurğunun “Azərbaycan” şeirindən “Könlüm keçir Qarabağdan” misrası ilə başlanan bəndi ifa etmiş və bu da sonradan muğam ifaçılığında bir ənənəyə çevrilmişdir.