Şuşinski Seyid
(Mir Mövsüm ağa Seyid İbrahim oğlunun təxəllüsü;
1889, Şuşa yaxınlığında Horadiz kəndi
- 1965)
–
xanəndə, musiqi xadimi, pedaqoq. Azərb. xalq artisti
(1956), əməkdar müəllim (1961). Qarabağ xanəndəlik
məktəbinin ən böyük simalarından biri.
Azərb. milli musiqi mədəniyyətinin inkişafında
çox mühüm rol oynamışdır. İlk təhsilini
mədrəsədə almış, dini mərasimlərdə
və xalq şənliklərində çıxış
etmişdir. Seyidin peşəkar bir xanəndə kimi
tanınmasında Azərb. xanəndəlik sənətinin
beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur.
Mir Möhsün Nəvvabdan klassik muğamların və
xalq musiqisinin dərin sirlərini əxz etmişdir. Onun
xanəndə kimi yetişməsində Cabbar Qaryağdı
oğlunun böyük təsiri olmuşdur. Seyid yüksək
diapazonlu səsi və muğamları düzqün və
səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri
və məşhur xanəndələri belə heyran
qoymuşdu.
1911-1919 illərdə Seyid Şuşinski Tiflisdə
fəaliyyət göstərmiş, xanəndəlik sənətini
daha da təkmilləşdirmiş, onun bədii zövqü
və səhnə ustalığı formalaşmışdı.
Məşhur xanəndə Əbülhəsən xan
İqbal Sontanla tanışlığı da onun ifaçılıq
üslubunda əhəmiyyətli iz buraxmışdır.
Bu illərdə o, Azərb. bəstəkarlarının
muğam operalarında çaxış etmişdir. 1913-1914
illərdə Seyid Şuşinski «Ekstrafon» səhmdar
cəmiyyəti tərəfindən iki dəfə Kiyev
şəhərinə dəvət edilərək səsi
vala yazılmışdır. Onun oxuduğu «Çahargah»,
«Nəva», «Bayatı-İsfahan», «Humayun», «Rast», «Mahur»,
«Zabul», «Şahnaz», «Mirzə-Hüseyn segahı» muğamları,
«Mani», «Arazbarı», «Mənsuriyyə» zərbi muğamları
musiqi xəzinəmizdə bənzərsiz sənət
əsərləri kimi özünəməxsus yer almışdır.
Xanəndənin oxuduğu «Cahargah» muğamı öz
ifaçılıq təfsiri ilə fərqlənmişdir.
S.Şuşinski «Çahargah» muğam dəstgahını
yüksək zirvədən – zil şöbə olan «Mənsuriyyə»dən
başlayırdı ki, bu da muğama döyüş
ruhu aşılayırdı. S.Şuşinskinin yaradıcılığının
sonrakı dövrü Bakı ilə bağlı olmuşdur.
Bu dövrdə onun müəllimlik fəalliyəti genişlənir.
1926 ildə Üzeyir Hacıbəyovun təşəbbüsü
ilə ADK-da, sonra isə ADMM-də muğam sinfində
müəllimlik etməyə başlayır. O, bir sıra
görkəmli xanəndələrin müəllimi olmuşdur.
Seyid Şuşinski bəstəkarlara da çox kömək
edərək, muğam sahəsindəki bilikləri ilə
bölüşmüşdür. Xüsusilə simfonik
muğam janrında əsərlərini («Şur», «Kürd-ovşarı»)
yaradarkən Fikrət Əmirov Seyid Şuşinskinin
sənətindən bəhrələnmişdir. Seyid
Şuşinski daim yeniliyə can atır, öz yaradıcılığını
yeni keyfiyyətlərlə zənginləşdirməyə
çalışırdı. O, bir çox muğamlara yeni
guşələr əlavə etmiş, bir çox muğamları
birləşdirib oxumuşdu. Bunlardan «Rast-Humayun», «Qatar-Bayatı»,
«Şur-Şahnaz» dəstgahları diqqətəlayiqdir.