Vaqif Molla Pənah

(1717, Qazax rayonu, Salahlı kəndi – 1797, Şuşa)

 

– Azərb. şairi, dövlət xadimi. Mədrəsədə təhsil almış, fars və ərəb dillərini öyrənmişdir. 1769 ildə Qarabağ hakimi İbrahim xanın sarayına dəvət edilmiş, əvvəlcə eşikağası, sonra baş vəzir olmuşdur. Vaqifin yaradıcılığı Azərb. poeziyası tarixində mühüm mərhələlərdən biridir. Klassik Şərq şeirini dərindən bilən Vaqif qəzəl, müxəmməs, müstəzad və s. formalarda əsərlər yazmışdır. Lakin o, şifahi xalq ədəbiyyatı, aşıq şeiri ilə daha çox bağlı olmuş, təcnis, xüsusən qoşmaları ilə milli poeziyanı zənginləşdirmişdir.

O, klassik və xalq şeirini üzvi şəkildə birləşdirməyə nail olmuşdur. “Bulut zülflü, ay qabaqlı gözəlin”, “Sevdiyim, ləblərin yaquta bənzər”, “Kür qırağının əcəb seyrəngahı var”, “Bir zaman havada qanad saxlayın” və s. qoşmaları, “Bax” rədifli qəzəli, “Görmədim” müxəmməsi Vaqif lirikasının ən məşhur nümunələrindəndir. Gözəllərin vəsfi, nikbinlik, həyatsevərlik Vaqif poeziyasının əsas motivləridir.

Muğam ifaçılığında Vaqifin poeziyasına çox müraciət olunur. Vaqifin şəxsiyyətinə həsr olunmuş bir sıra bədii əsərlər də yaranmışdır, Sənəd Vurğunun “Vaqif” pyesi, R.Mustafayevin “Vaqif” operası və s. əsərlər bu qəbildəndir.