Xarrat Qulunun Məktəbi

 

- Qarabağ muğam ifaçılığı sənətinin tarixində mühüm rolu olmuş muğam bilicisi Xarrat Qulunun yaratdığı muğam tədrisi ocağı. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. Lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.

Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərb. muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu və məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridir. Beləliklə, Xarrat Qulunun məktəbinə Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ kimi baxmaq olar. Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi.