Əkbərov Canəli Xanəli oğlu (10.03.1940, Lənkəran r-nu, Tükəvilə k.)

 

– xanəndə, xalq artisti (1992), professor (2008). “Şöhrət” ordeni (2002) ilə təltif olunmuşdur. C.Əkbərov muğamın sirlərini atasından öyrənmişdir. C.Əkbərov musiqi təhsilini Bakıda ADMM-də almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq məharətini təkmilləşdirir. 1965 ildən C.Əkbərov ADF-nın solisti, 1976 ildən bu günə qədər ADOBT-nın solistidir. Xanəndə bu teatrın səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Salam (Ü.Hacıbəyov “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) obrazlarını yaratmışdır.

 

C.Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. O, bir sıra müsabiqə və festivalların iştirakçısı və laureatı olmuşdur. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. C.Əkbərovun repertuarı genişdir. Onun ifa etdiyi bütün muğam dəstgahlar vallara və disklərə yazılmışdır. C.Əkbərov hal-hazırda muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirir, ADMİU-da “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.