Əruz vəzni

– Şərq (o cümlədən, Azərb.) klassik şeirinin əsasını təşkil edən vəzn. Əruz ilk dəfə VIII əsrdə Bəsrə şəhərində ərəb şairi və alimi Xəlil ibn Əhməd tərəfindən yaradılmış və sistemə salınmış, sonralar müsəlman Şərqinin bir sıra ölkələrində işlənmişdir. Türkdilli poeziyada əruz vəznində ilk əsər Yusif Xac Hacipin XI əsrdə Kaşğar şəhərində yazdığı “Kutadqu bilinq” (“Xoşbəxtlik bağışlayan kitab”) poemasıdır.

Əruz vəzninin çox mürəkkəb bir şeir sistemi vardır. Burada əsas şərt misralarda hecaların sayca bərabər olması yox, uzun və qısa hecaların müəyyən qayda ilə düzülməsidir. Odur ki, bəzən əruzla yazılan eyni bir şeirdə misranın biri 11, ikincisi 10, üçüncüsü hətta 9 hecadan ibarət ola bilər. Əruz vəznində yazılan şeirlər misraların ölçüsündən, sözlərin ifadə üsulundan və hecaların düzülüş qaydasından asılı olaraq müxtəlif şəkillər alır ki, bir-birindən seçilən belə şəkillərə bəhr deyilir.

Əruz vəzninin 19 bəhri var: təvil, kamil, səri, münsərih, mütəqarib, rəcəz, rəməl, həzəc, mədid, bəsit, vafir, xəfif, müzare, müqtəzəb, müctəs, mütədarik (sadalanan 16 bəhr ərəb şeirində işlədilir), cədil, qərib, (bu bəhrlər əruzdan istifadə edən başqa xalqlar tərəfindən yaradılmışdır). Azərb. şeirində bu bəhrlərdən çoxuna təsadüf olunur. Klassik Azərb. şairlərindən Nizami, Xəqani, Füzuli, Seyid Əzim, Sabir və b. əruz vəznində çox dəyərli əsərlər yaratmışlar. Xüsusilə Füzuli, Sabir kimi şairlər Azərb. şeir dilinə əruzdan istifadə ilə bağlı olaraq daxil olan və dili ağırlaşdıran ərəb-fars sözlərindən uzaqlaşaraq, əruzu azərbaycanlılaşdırmış, əsərlərinin çoxunu sadə, aydın bir dildə yazmağa müvəffəq olmuşlar. Azərb. şairləri Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm və b. onların yolunu davam etdirmişlər. Muğamların poetik əsasını əruz vəznində yazılmış qəzəllər təşkil edir.