Azərbaycan Mədəniyyətinin Dostlari Fondu (AMDF)

- qeyri-hökumət xeyriyyə fondu. 1995 ildə yaradılmışdır. Təşkilatın rəhbəri YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır. Fondun əsas məqsədi: milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərb. xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Mehriban xanım Əliyeva fondun işini 3 istiqamətə - mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik – yönəltmişdir.

Fond Azərb. görkəmli incəsənət xadimlərinin - dahi Rəşid Behbudovun xatirəsinə, Müslüm Maqomayevin, Arif Məlikovun, Fidan və Xuraman Qasımova bacılarının şərəfinə yubiley gecələri təşkil etmiş, tədbirlərlə əlaqədar Rəşid Behbudov, Fidan və Xuraman Qasımova bacılarının həyat və yaradıcılığına həsr olunmuş «Azərbaycan-İrs» jurnalının xüsusi nömrələri çap olunmuş, Rəşid Behbudovun ifa etdiyi mahnılardan ibarət CD disk buraxılmış, Arif Məlikovun yaradıcılıq gecəsi və rəsmlərindən ibarət sərgi təşkil edilmişdir.

Fondun maaliyyə köməyi ilə 1900 illərin əvvəllərində nəşr olunan «Molla Nəsrəddin» məcmuəsinin 1 və 2-ci cildləri yeni, nəfis şəkildə çapdan çıxmış, İncəsənət muzeyinin kataloqu, görkəmli şair Səməd Vurğunun xatirəsinə həsr olunmuş «Ellər Vurğunu», professor Səadət Abdullayevanın «Azərbaycan xalq musiqi alətləri» kitabları (azərbaycan və rus dillərində), professor Əhməd İsazadənin «Azərbaycan xalq musiqisinin antologiyası» kitabının I-VII cildləri, Azərbaycanın dahi şair və mütəfəkkirləri – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir və başqalarının əsərlərindən ibarət toplular, akademik Çingiz Qacarın «Qədim Şuşa» kitabı nəşr edilmişdir.

Fəaliyyət dövrü ərzində Fondun Azərb. keçirdiyi xarici ölkə incəsənət xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli incəsənət xadimlərinin - həmyerlilərimiz maestro Mstislav Rostropoviç, ABŞ-ın Culyard Musiqi Akademiyasının professoru pianoçu Bella Davidoviç, Belfast simfonik orkestrinin Baş dirijoru, violinoçu Dmitri Sitkovetskinin, "Most-Vivaldi" kamera orkestrinin, Nadejda Pavlova və Vyaçeslav Qordeyev kimi balet ulduzlarının, İqor Moiseyevin rəhbərlik etdiyi Rus Dövlət rəqs ansamblının Bakıdakı çıxışları bu qəbildəndir. Bu istiqamətdə təşkil olunan tədbirlər arasında «Musiqinin Böyük İpək Yolu» Beynəlxalq Klassik Musiqi festivalı və SEBA (Seul-Bakı) Azərb. -Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə keçirilən Koreya Mədəniyyəti Günləri xüsusi qeyd olunmalıdır.

Azərb. muğamını dünya miqyasında təbliğ etmək və eyni zamanda, yaymaq, həmçinin bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı göstərmək Fondun qarşısında duran mühüm işlərdəndir. Bu istiqamətdə atılan addımlar arasında «Bakı Muğam Mərkəzi»nin yaradılması, nəfis, əhatəli, rəngarəng şəkildə tərtib edilmiş «Qarabağ xanəndələri» musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incəsənət mərkəzlərində yayılması, 2005 və 2007 il Respublika muğam müsabiqələrinin keçirilməsi diqqətəlayiqdir.

Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunun təşəbbüsü ilə xüsusi aylıq təqaüd təsis olunmuşdur ki, müğənnilər, teatr xadimləri, rəssamlar, muğam ifaçıları bu təqaüdlə təmin edilir. Azərb. muğamını beynəlxalq miqyasda daha geniş təbliğ etmək məqsədi ilə Fond görkəmli muğam ifaçılarının, alimlərin, muğam ilə caz sənətinin sintezini yaradan musiqiçilərin xarici səfərlərini də təşkil etmişdir. Dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun Yaponiyanın Naqoya şəhərində EXPO-2005 sərgisindəki çıxışı, musiqişünas Sənubər Bağırovanın ABŞ-ın Massaçuset Universitetində elmi məruzələri, caz sənətinin mahir ifaçıları Salman Qəmbərov və Cəmil Əmirovun ABŞ-ın Çikaqo şəhərindəki konsertləri bu qəbildəndir.

AMDF daha bir neçə böyük layihənin təşkilatçısıdır. Bunlar arasında «Bakı payızı» Beynəlxalq festivalı, IX Şərq-Qərb Bakı beynəlxalq kino festivalı, «Reklam acgözləri gecəsi» - beynəlxalq reklam filmlərinin nümayişi, 2007 ildə artıq üçüncü dəfə keçirilən Beynəlxalq Bakı Caz Festivalı ənənəyə çevrilmişdir.

AMDF keçirdiyi mədəni tədbirlərin, təşkil etdiyi xeyriyyə aksiyalarının miqyasına, yüksək səviyyəsinə görə təkcə vətənimizdə deyil, dünyanın bir çox ölkəsində böyük diqqətə və qiymətə layiq görülmüş, beynəlxalq aləmdə nüfuz qazanmışdır.