/ ru /

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

Hörmətli muğamsevərlər!

"Muğam aləmi" videorolik   

 

Azərbaycan muğamına həsr olunmuş xüsusi ensiklopediyanın işıq üzü görməsi muğam pərəstişkarlarının həyatında olduqca əlamətdar hadisədir. Əminəm ki, belə bir ensiklopediyanın ilk nəşri ölkəmizin musiqi və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanacaq, Azərbaycan muğamının qorunub saxlanması, inkişafı və daha geniş şöhrət tapması üçün əlverişli zəmin yaradacaqdır. Ümidvaram ki, bu ensiklopediya ildən-ilə təkmilləşəcək, təkrarən çap olunacaq və muğam aləminin həqiqi bələdçisinə çevriləcəkdir.

 

İki cilddən ibarət olan bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif musiqiçilərin ifasında təqdim edir. Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınmış muğamlardan tutmuş 2007-ci il muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər olan yazılar 125 diskdən ibarət bir külliyyat təşkil edərək həqiqətən də ensiklopedik xarakter daşıyır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəsgahları və digər əsərlər ilk dəfədir ki, bir yerdə toplanaraq qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.

 

Muğam ensiklopediyasının hər bir cildi, əslində, müstəqil ensiklopediyadır. Qeyd etmək lazımdır ki, muğam özü-özlüyündə elmi və nəzəri təhlil üçün olduqca mürəkkəb bir obyektdir. Onun nota alınması cəhdlərindən tutmuş, muğam ifaçılığı üzrə kanonik dərslik yaratmaq arzularının gerçəkləşməsinədək musiqiçilərin hansı obyektiv çətinliklərlə qarşılaşdığı hamıya bəllidir. Muğamın ovsununa düşmüş əcnəbi musiqişünasların onun rasional təhlil üsulları ilə tədqiqinin mümkün olmaması barədə dönə-dönə söylədikləri fikirlər də mütəxəssislərə yaxşı məlumdur. Məhz bu səbəbdəndir ki, biz oxucunun diqqətinə sanki iki ensiklopediya təqdim edirik. Onlardan biri elmi tədqiqatların bəhrəsi, digəri isə Azərbaycan muğam ustalarının yaratdığı dəyərli musiqi xəzinəsidir.

 

Ensiklopediya artıq çapdan çıxmışdır. Amma hələ də XX əsr ərzində səslənən və ensiklopediyaya daxil ediləcək bir çox muğamın lent yazıları bərpa edilməkdədir. Muğam haqqında elm də mütəmadi olaraq maraqlı tədqiqatlar nəticəsində zənginləşir. Hər axşam ölkəmizin konsert salonlarında, toy məclislərində, el şənliklərində səslənən muğamlar yeni çalarlarla öz sirlərini bizə açır. Bütün bunlar, sözsüz ki, ensiklopediyanın növbəti nəşrlərində öz əksini tapacaqdır.

 

Arzu edərdim ki, ensiklopediyaya daxil olan ifaların sayı gündən-günə artsın, Azərbaycan muğamı öz qədim ənənələrini saxlayaraq yeni səslər, yeni ifalar, yeni yanaşmalarla yeni bir mərhələyə qədəm qoysun. İnanıram ki, növbəti nəşrlər bizim ensiklopediyanı daha da təkmilləşdirib qısa bir zamanda mötəbər coxcildliyə çevirəcəkdir.

 

Mehriban Əliyeva

YUNESKO-nun xoşməramlı səfiri