Qarabağ Muğam Məktəbi

 

- Qarabağ bölgəsinin mərkəzi olan Şuşa şəhərində təşəkkül tapmış və Qarabağda yaşayıb – yaradan xanəndələri, xalq çalğı alətləri ifaçılarını – sazəndələri özündə cəmləşdirən muğam ifaçılığı ənənələrini özündə cəmləşdirən məktəb. Qarabağ muğam ifaçılığı məktəbi məhz ayrı–ayrı görkəmli sənətkarların adı ilə bağlı olub, onların ifaçılıq üslubunu yaşadan və davamçıları tərəfindən nəsildən – nəslə ötürülən ənənələrdən yaranmışdır. Qarabağ muğam ifaçıları Azərbaycanın qədim musiqi ənənələrinin inkişaf etdirilməsində böyük xidmət göstərmişlər. Xanəndələr və instrumental ifaçılar ənənəvi şəkildə muğam ifaçılığı sənətinin incəliklərini, muğamlar nəsildən – nəslə ötürərək böyük bir məktəb yaratmağa nail olmuşlar.

Qarabağ sənətkarlarının neçə nəsli dəyişsə də onların yaratdıqları ənənələr bu gün də muğam ifaçıları tərəfindən yaşadılmaqdadır. Bu baxımdan Qarabağın görkəmli muğam ustadları Hacı Hüsü, Əbdülbaği Zülalov, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski və b. öz məktəblərini yaratmışlar. Qarabağ musiqi mədəniyyəti tarixində – tədris ocağı kimi “muğam məktəbi” ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. Bax: Xarrat Qulunun məktəbi. Xarrat Qulunun məktəbi Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ olmuşdur.

Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi. Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi. Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.