Qanon

(qanun)


- ən qədim Azərbaycan dartımlı, simli musiqi alətlərindən biri. Qanon böyük Azərbaycan şairi Nizaminin əsərlərində dönə - dönə məhəbbətlə vəsf edilmişdir. Qanon iki tərəfi müvazi olmayan dördbucaq (trapesiya) biçimdə emal edilir. Gövdəsinin üst dekası iki hissəyə ayrılır: çox qismi çinar ağacından yonulmuş nazik taxta ilə örtülür, açıq hissəsinin üzərinə isə dəri çəkilir. Taxta dekası üzərində ulduz şəklində üç böyük dəlik olur ki, bunlar dəri membranla birlikdə qanonun səs rezonansını artırır. Qanona hər səs üçün üçər sim qoşulur. Cəmisi 72 simi olur. Qanonun diapazonu üç oktavadan böyükdür.