Abdullayev İslam Əbdül oğlu

- (1876, Şuşa – 22.09.1964, Bakı) – xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Azərb. musiqi tarixində İ. Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. “Segah” muğamını və onun bütün variantlarını – “Zabul-Segah”, “Mirzə Hüseyn Segahı”, “Orta Segah”, “Xaric Segah” muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. İ. Abdullayev Şuşa şəhər məktəbində təhsil almışdır.

Musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşayiətilə çıxış etməyə başlamışdır. İ.Abdullayev gözəl və təsirli səsi, bənzərsiz ifaçılıq qabiliyyəti sayəsində Azərb. və onun hüdudlarından kənarda da məşhurlaşmışdır. 1910 – 1915 illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən İ.Abdullayevin ifasında “Segah”, “Bayatı-Qacar”, “Şahnaz”, “Şüştər” muğamları və bir sıra təsniflər qrammofon vallarına yazılmışdır. İslam Abdullayev gözəl pedaqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdır. Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.