Baki Musiqi Kolleci (BMK)

- Asəf Zeynallı ad. Orta İxtisas Musiqi Texnikumu – milli musiqiçi kadrları hazırlayan 4 illik orta ixtisas musiqi təhsili məktəbi. Əsası Tiflis və Moskva konservatoriyalarının məzunu olan A.N.Yermolayeva tərəfindən 1895-1896 tədris ilində şəxsi musiqi məktəbi kimi qoyulmuş, 1901 ildə Rus Musiqi Cəmiyyətinin Bakı şöbəsi nəzdində fəaliyyət göstərmişdir; bunun əsasında 1916 ildə ilk musiqi texnikumu yaradıldı. Burada vokal, skripka, violonçel və s. alətlərdə çalmaq üzrə dərs keçirilirdi.

İllər ötdükcə burada təhsil alanların sayı artmış, müəllim heyəti ixtisasçılarla zənginləşmişdir. 1953 ildə məktəbə Asəf Zeynallının adı verilmişdir. 1999-2000 tədris ilində Azərb. Respublikası Təhsil Nazirliyinin əmri ilə Texnikum Bakı Musiqi Kolleci adlandırılmışdır. BMK-nə müxtəlif illərdə Ü.Hacıbəyov, S.Ələsgərov, V.Adıgözəlov, B.Mehdiyev və b. rəhbərlik etmişlər. Hal-hazırda BMK-nin direktoru əməkdar incəsənət xadimi, professor Nazim Kazımovdur.

Bir əsrdən artıq yaşı olan bu musiqi məktəbi müxtəlif ixtisaslar üzrə səkkiz mindən artıq musiqiçi kadr yetişdirmişdir. Onun məzunlarının sorağı yaxın-uzaq xarici ölkələrdən gəlir. Məktəbin yetirmələri Azərb. və onun hüdudlarından uzaqlarda yerləşən ölkələrdə musiqi həyatında mühüm rol oynayan sənətkarlar kimi tanınmışlar. BMK respublikada muğam ifaçıları yetişdirən əsas baza təhsil ocağı olmuş və hal-hazırda da bu missiyanı daşıyır.

Burada görkəmli muğam ustadları - Seyid Şuşinski, Mirzə Mansur Mansurov, Qurban Primov və onların ənənələrinin davamçıları Əhməd Bakıxanov, Bəhram Mansurov, Nəriman Əliyev, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev və başqalarının fəaliyyəti xanəndə və xalq musiqi ifaçılarının yetişdirilməsində mühüm əhəmiyyətə malikdir.

BMK-də hal-hazırda 1400 nəfərə yaxın tələbə təhsil alır, 400 nəfərdən artıq müəllim kollektivi çalışır. Bir çox muğam ustadları kollecin müəllimləridir.