Muğam, muğamat
(ər. məqam – yəni vəziyyət, mövqe)


– mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur. Muğamat yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir.

Muğamat – xalq vokal – instrumental kompozisiyasının ən yüksək yaradıcılıq mərhələsinə çatdırılan nümunəsidir. Muğamın bütün hissələri (bax: Dəstgah) müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əyan edir.

Muğamın hər bir hissəsi (şaxəsi, şöbəsi, guşəsi) çox vaxt özü – özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını heç də itirmir. Muğam ciddi məzmunlu musiqi ilə yanaşı asan (yüngül) musiqi nümunələrini də (təsnif,rəng) özündə təcəssüm etdirir.