Azərbaycan Milli Konservatoriyasi (AMK)

– milli musiqi sahəsində kadrlar hazırlayan ali məktəb. AMK-nın yaranması haqqında Azərb. Respublikası Prezidentinin iki fərmanı olmuşdur: 13 iyul 2000 il tarixli “Azərbaycan Milli Konservatoriyasının təsis edilməsi haqqında”; 10 avqust 2001 il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında”.

Bu fərmanlara əsasən Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası AMK-nın tərkibinə daxil edilmişdir. AMK-da təhsil iki pilləlidir. Bakalavr və magistr pillələri üzrə “İfaçılıq” və “Tatix-nəzəriyyə” fakultələrində 200-dən artıq tələbə təhsil alır. “Xalq çalğı alətləri”, “Solo oxuma (xanəndə), “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu”, “Milli musiqinin tarixi və nəzəriyyəsi”, “İnstrumental muğam” və digər kafedralarda tar, kamança, qanun, balaban, zərb alətləri, xanəndəlik, dirijorluq, musiqişünaslıq ixtisasları üzrə ifaçı, tədqiqatçı və müəllim kadrlar hazırlanır. Burada həmçinin, “Milli musiqinin tədqiqi” və “Milli musiqi alətlərinin araşdırılması” adlı elmi laboratoriyalar fəaliyyət göstərir.

AMK-nın professor və müəllim heyəti görkəmli sənətkarlardan x.ç.a üzrə ifaçılardan, xanəndələrdən, dirijorlardan, musiqişünaslardan ibarətdir. AMK-nın rektoru xalq artisti, professor Səyavuş Kərimidir. Onun rəhbərliyi altında AMK çoxşaxəli fəaliyyət göstərən və respublikanın musiqi həyatında mühüm rol oynayan tədris ocağı kimi formalaşmışdır. AMK-nın müəllimləri və məzunları Azərb. muğam sənətini beynəlxalq aləmdə layiqincə təmsil edirlər, onların əksəriyyəti beynəlxalq və respublika müsabiqələrinin laureatlarıdır. AMK Avropa Şurası və YUNESKO-nun himayəsində ELİA (Avropa İncəsənət Universitetləri Liqası) təşkilatının və Türkiyə Yüksək Öyrətim Kurumunun (YÖK) üzvüdür.