Kərimi Siyavuş Əşrəf oğlu


– (09.11.1954, Bakı) – tarzən, bəstəkar, ictimai xadim, xalq artisti (2005), professor (2007). 1961-1972 illərdə Bülbül ad. orta ixtisas musiqi məktəbində təhsil almış və görkəmli tarzən Əhsən Dadaşovun tar sinfini bitirmişdir. 1972-1977 illərdə ADK-da təhsilini davam etdirmişdir. 1979 ildən başlayaraq, Rəşid Behbudov ad. Azərb. Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçi, Azkonsertin «Aşıqlar» ansamblında bədii rəhbər, «AzTR» estrada simfonik ork. bədii rəhbər, «Cəngi» EFA musiqi rəhbəri vəzifəsində, C.Cabbarlı ad. Azər.film Kinostudiyasının Rafiq Babayev ad. musiqi studiyasında bədii rəhbər vəzifəsində çalışmışdır. 2001 ildən AMK-nın rektorudur. AMK-nın «Milli musiqinin tarixi və nəzəriyyəsi» kafedrasının professorudur.

O, bir çox beynəlxalq miqyaslı musiqi lahiyələrinin müəllifidir. Azərb. – Norveç vokal musiqi lahiyəsi (2001), Azərb. və Cənubi Amerika musiqiçiləri ilə müştərək yaratdıqları «Salasm hola» Beynəlxalq lahiyəsi (2002) onun rəhbərliyi ilə uğurla həyata keçirilmişdir. Siyavuş Kərimi «Sarı gəlin», «Sonuncu döyüş», «Əlvida cənub şəhərim», «Girov» və s. bədii filmlərə, 9 seriyadan ibarət «Heydər Əliyev» televiziya filminə, 2 animasiya filminə və 10-dan artıq teatr tamaşasına musiqi bəstələmişdir. «Hamlet» əsərinin musiqisinə görə «Qızıl Dərviş» mükafatına (2003) layiq görülmüşdür.

S.Kərimi milli musiqinin inkişafı, tədrisi, tədqiqi və təbliği sahəsində mühüm əhəmiyyətli işlər görür. Onun rəhbərliyi ilə AMK-nın professor-müəllim heyəti bu istiqamətlərdə geniş fəaliyyət göstərirlər. O, «Saz məktəbi» dərsliyinin həmmüəllifi (A.Quliyev, M.Əliyevlə birlikdə) , iki cilddən ibarət «Azərbaycan xalq mahnıları» məc muəsinin tərtibçisidir. “Muğam ensiklopediya”sının “Azərbaycan xanəndələri” CD toplusunda “Gənc xanəndələr” bölməsinin səsyazısına rəhbərlik etmişdir.