Bakı

 


– Azərb. Respublikasının paytaxtı, ən böyük mədəniyyət mərkəzi.

Qədim tarixə malik Bakıda elm, mədəniyyət və incəsənətin bütün sahələri üzrə inkişaf onun mədəni mühitinin zənginləşməsinə və yüksəlişinə təkan vermişdir. Xüsusilə, XX əsrin əvvəllərindən başlayaraq, Bakının musiqi həyatının bir neçə istiqamətdə inkişaf etməsi özünü aydın büruzə verir ki, bu da sonrakı illərdə musiqi mədəniyyətinin yüksəlişi üçün bünövrəyə çevrilir.

Əsas istiqamətlərdən biri Avropa və rus musiqisi ilə təmasın yaranması və musiqi ictimaiyyəti tərəfindən yeni formaların mənimsənilməsi ilə bağlı idi. Həmin dövrdən başlayaraq, Bakıda xarici musiqiçilərin, opera truppalarının qastrolları artır. Bunun nəticəsi olaraq, simfonik və kamera musiqisi konsertlərinin, opera tamaşalarının təşkili işi genişlənir ki, bu da Bakının musiqi həyatını canlandırır.

Digər bir istiqamət milli musiqi yaradıcılığının və ifaçılığının yeni növlərinin meydana gəlməsi ilə əlaqədar idi ki, bu da Azərb. bəstəkarlıq məktəbinin formalaşmasında mühüm əhəmiyyətə malik idi. Bu baxımdan, məşhur xanəndəsazəndə dəstələrinin, aşıqların iştirakı ilə Şərq konsertlərinin verilməsi, muğamlar əsasında musiqili səhnəciklərin göstərilməsi, dram tamaşalarının fasilələrində muğam ifaçılarının çıxışı və nəhayət, Azərb. musiqili səhnə əsərlərinin yaranması, muğam operalarının və musiqili komediyaların meydana gəlməsi əlamətdardır.

Bu dövrdə musiqi həyatında özünü göstərən daha bir istiqamət musiqi maarifçiliyinin yaranması idi. Xüsusilə, Bakıda fəaliyyət göstərən qabaqcıl mədəniyyət xadimləri xalqın maariflənməsi uğrunda, milli ədəbiyyat və incəsənət uğrunda mübarizə aparırdılar. Azərb. ədəbiyyatının və mədəniyyətinin mütərəqqi fikirli xadimlərinin xalq kütlələrini oyandırmaq, maarifləndirmək, irəli aparmaq naminə gördüyü işlər – məktəblərin açılması, müxtəlif maarifçilik cəmiyyətlərin yaradılması, xalqın tədriclə Avropa tipli musiqi mədəniyyətinə alışdırılması milli mədəniyyətin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.

1920 illərdə Azərb. ictimai-siyasi həyatında baş verən dəyişikliklər nəticəsində milli mədəniyyətin inkişafında yeni yolların açılması, musiqi təhsilinin genişlənməsi, ifaçılıq sənətinin yüksəlişi prosesi muğam ifaçılarının da fəaliyyətinin yeni məcrada inkişafını şərtləndirdi. Bu baxımdan, musiqi məktəbləri şəbəkəsinin yaradılmasını qeyd etməliyik ki, muğam ifaçıları dövlət tərəfindən açılan bu musiqi məktəblərində sənət müəllimi kimi geniş fəaliyyət göstərmişlər.

1920 illərdə Şərq konservatoriyasında, daha sonralar ADMM-də, ADK-da (Bakı Musiqi Akademiyasında), hal-hazırda isə AMK-da, ADMİU-da muğam sənəti tədris olunur. Lakin XX əsrin əvvəllərindən yaranmış ənənələr də müasir dövrdə davam və inkişaf etdirilir.

Hal-hazırda da muğam ifaçılarının fəaliyyət sahəsi teatr və konsert səhnəsi ilə bağlıdır. Xanəndələrin bir çoxu ADOBT-nın solisti kimi Azərb. bəstəkarlarının muğam operalarında çıxış edirlər. ADF-nin solisti kimi geniş dinləyici auditoriyası qarşısında, həmçinin radio və televiziyada konsertlər verirlər.