Baki Muğam Məclisləri


– XIX əsrdə Bakı ş.-də və Bakı ətrafı kəndlərdə (Nardaran, Mərdəkan, Maştağa, Əmircan və b.) şair və muğamatçıları öz ətrafına toplayan yığıncaqlar. Azərb. muğam sənətinin inkişafında Bakı məclislərinin böyük rolu olmuşdur.

Bakıdakı ən böyük musiqi məclisinin rəhbəri Məşədi Məlik Mansurov (1838-1909) öz dövrünün açıq fikirli, istedadlı, mədəni şəxslərindən biri, “musiqiçilər ailəsinin” görkəmli nümayəndəsi olmuşdur. Məşədi Məliyin Bakıda İçəri şəhərdəki evinin böyük salonunda tez-tez dövrünün məşhur ziyalıları və sənətkarları yığışır, Qarabağdan, Şirvandan, İrandan gələn musiqiçilər bu evin qonağı olurdu.

Hacı Hüsü, Əbdülbaqi (Bülbülcan), tarzən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Zeynal kimi tanınmış Qarabağ musiqiçiləri Məşədi Məliklə dostluq edirdi. Məclislərdə yerli musiqiçilər iştirak edirdilər. Burada görkəmli xanəndə və musiqiçilərlə yanaşı, gənclər də ifaçılıq məharətini nümayiş etdirir, ustadlardan bəhrələnməyə çalışırdılar. Bu musiqi məclislərində ifaçılıq sənəti barəsində ciddi söhbətlər aparılır, musiqi tarixinə fikir verilirdi. Burada muğamatın nə zaman, kim tərəfindən, hansı şəraitdə yaradılması mövzusu məclis üzvlərini daha çox maraqlandırırdı.

Eyni zamanda, hər bir muğam məclisdə ayrıca müzakirə olunurdu. Muğamların tamam-dəstgah və düzgün oxunmasına xüsusi diqqət yetirilərdi. Burada Ağa Səid oğlu Ağabala, Seyid Mirbabayev, Ağa Kərim Salik, Bəylər, Əli Zühab, Mirzə Fərəc və musiqiçilər toplaşaraq öz musiqi sənətlərini nümayiş etdirirdilər. Məşədi Məliyin təşkil etdiyi musiqi məclisi Bakı musiqiçilərinin bütöv bir nəslini yetişdirib tərbiyə etmişdi.