Musiqi forması


musiqi əsərinin quruluşu, onun hissələri arasında qarşılıqlı münasibət. Musiqi sənətinin tarixi inkişafı boyu müəyyən musiqi formaları yaranmış və təkmilləşmişdir.

Musiqi formasının ən kiçik qurucu vahidi motivdir. Bir neçə motivin ardıcıllaşması nisbətən bitkin musiqi qurumunu – frazanı əmələ gətirir. Frazaların birləşməsindən musiqi cümlələri əmələ gəlir. Öz növbəsində cümlələrin müəyyən kadensiya nisbətində uzlaşdırılmasından yaranan musiqi forması period adlanır.

Period bitmiş fikri ifadə edən ən kiçik musiqi formasıdır. Period formasında kiçik həcmli musiqi əsərləri yazılır. Eyni zamanda, böyük musiqi formalarının tərkib hissəsi periodlardan ibarət olur.

Musiqidə ən geniş yayılmış formalar: ikihissəli forma, üçhissəli forma, variasiya, rondo, sonata, fuqa və s.

Qarışıq formalar da mövcuddur ki, onlar müxtəlif formaların əlamətlərini özündə birləşdirir (məs., rondo-sonata). Sərbəst quruluşlu musiqi formaları da mövcuddur.