Abdullayev Ələsgər Baba oğlu (1866, Şəki – 01.04.1929, Bakı)

xanəndə. Xalq arasında “Şəkili Ələsgər” kimi tanınmışdır. Muğam sənətinin sirlərini xanəndə Keştazlı Həşimdən və Ağabala Ağasəid oğlundan öyrənmişdir. Bakıda fəaliyyət göstərmiş, musiqi məclislərində və “Şərq konsertləri”ndə fəal iştirak etmişdir. Böyük istedada, güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik xanəndə “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarını, təsnif və xalq mahnılarını böyük məharətlə ifa etmiş, xüsusilə, “Rahab” muğamının ən gözəl ifaçısı kimi ad qazanmışdı.

Onun şöhrəti Azərb. hüdudlarından kənarda da yayılmışdı. O, İranın, Türkiyənin və Orta Asiyanın bir çox şəhərlərində konsertlər vermişdir. Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir. 1913 – 1914 illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuş və səsi qrammofon vallarına yazılmışdır. Ələsgər Abdullayevin Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşayiətilə oxuduğu “Çahargah”, “Rast”, “Mahur-Hindi”, “Zabul-Segah”, “Rahab”, “Şüştər”, “Hasar” muğamları və təsnifləri qrammofon vallarında qorunub saxlanılmışdır.