Simfonik muğam


– Azərb. musiqisinin bir janrı. 1948 ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. F.Əmirovun muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı “Şur”“Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərb. simfonik musiqisində bu janrın bünövrəsi qoyulmuşdur.

Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərb. bəstəkarları bu janra müraciət etmişlər.

Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

- F. Əmirov. Simfonik mugam "Şur".
İfa edir: Ostankino Radio və Televiziyasının Simfonik orkestri. Dirijor: Niyazi.