Qarabağ Muğam Məclisləri


- Qarabağın muğam ifaçılığı sənətinin inkişafında XIX əsrdə fəaliyyət göstərən musiqi məclislərinin böyük və əhəmiyyətli rolu olmuşdur. Dövrünün tanınmış muğam ifaçılarının hamısı demək olar ki, məhz bu məclislərdə iştirak etmiş, orada ustad sənətkarların rəngarəng çıxışlarını görmüş və bu gözəl ənənə sayəsində püxtələşmişlər. Musiqi məclisləri ziyafətlərdən və toy şənliklərindən fərqlənirdi.

Bu məclislərdə ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər aparılırdı. Burada şeir, musiqi və sənətin estetik problemləri ətraflı müzakirə olunurdu. Bəzən bu söhbətlər diskussiyalara da çevrilirdi. Musiqi məclislərində birinci növbədə muğam ifaçılığına diqqət yetirilirdi. Muğam dəstgahları təkmilləşdirilir, müxtəlif şöbə və guşələrlə zənginləşdirilir, yeni yaradılan təsnif və rənglər səsləndirilirdi. Bəzən musiqi məclislərində muğamı bir neçə xanəndə oxuyar, muğam biliciləri onların haqqında rəylərini söyləyərdilər. Buna görə də hər bir xanəndə və çalğıçı öz sənətini daha dərindən öyrənməyə və təkmilləşdirməyə səy göstərirdi.

Çox zaman isə yaradıcılığa yeni başlayan musiqiçilər burada ustad sənətkarlardan xeyir-dua alırdılar. Bu məclislər muğam sənətinin inkişafı üçün çox önəmli idi və muğam ifaçıları üçün əsl ustadlıq məktəbinə çevrilmişdi. Bu məclislərdə Şərq musiqisinin incəliklərinə dərindən bələd olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı göstərirdilər. Musiqi məclislərində “Şur”, “Rast”, “Mahur”, “Çahargah”, “Bayatı-İsfahan” muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi.

Maraqlı budur ki, məclislərdə bütün muğamları düzgün və tamam-dəstgah oxumağı öyrənən xanəndələr hər hansı bir muğamı daha kamil öyrənir, ixtisaslaşmağa çalışırdılar. Bəzən musiqi məclislərində xanəndəni dinləyən tamaşaçılar, peşəkar və həvəskar xanəndələr isə dəstgah oxuyan xanəndənin səhv cəhətlərini tənqid edərdilər. Bu tənqidi qeydlər çox zaman ciddi mübahisələrə çevrilərdi. Mübahisə kəskin şəkil aldıqda müəyyən bir muğamı tamam-dəstgah oxumaq üçün müsabiqə elan edilirdi. O dövrün musiqiçilərinin xatirələrində deyildiyi kimi, müsabiqə üçün ən yaxşı sazəndələr çağırılırdı. Hələ musiqi məclisinə bir həftə qalmış ən yaxşı xanəndə, eləcə də, sazəndələr və rəisi-məclis seçilirdi. Həmin şəxs xanəndə və sazəndələrin ifa edəcəkləri musiqi proqramını tərtib edirdi.

Tamaşaçılar məclisin qayda-qanunlarına tabe olaraq, xanəndənin oxuduğu sözlərə qulaq asmaq üçün tam sakitliyi gözləməli idi. Rəisi-məclis və xalq tərəfindən bəyənilən xanəndə və musiqiçilər mükafat alırdılar. Proqramın öhdəsindən gələ bilməyən ifaçılar isə istehza altında məclisi tərk edirdilər. Buna görə də hər bir xanəndə və ya sazəndə öz sənətini daha da təkmilləşdirməyə səy göstərirdi. Şuşa musiqi məclisinin rəhbəri olan Mir Möhsün Nəvvab xanəndə Hacı Hüsünün yaxından iştirakı ilə “Xanəndələr məclisi” təşkil etmişdi. Onun musiqi məclisi Xarrat Qulunun musiqi məktəbindən və Xurşidbanu Natəvanın “Məclisi-üns”ündən sonra şəhərin mədəni həyatında müstəsna rol oynamışdır.

Qarabağ xanəndələri ŞamaxıBakı musiqi məclislərinin üzvləri arasında da xüsusi hörmət və ehtirama malik idilər. Bu xanəndələr o zaman musiqi sahəsində çalışan bir çox digər sənətkarlara istiqamət verirdilər. Müxtəlif yerlərdən xanəndə və tarzənlər Şuşaya gəlib Qarabağ musiqiçiləri üçün çalıb-oxuyar, onlardan göstəriş və qiymət almağa can atardılar.

Şuşa musiqi məclisləri milli musiqiçilərin, muğam ifaçılarının yetişməsində müstəsna rol oynamış və Azərb. musiqisinin inkişafına təkan vermişdir.