Mirzə Sadıq Əsəd oğlu, Sadıqcan


– (1846, Şuşa - 1902, Şuşa) - tarzən, müasir Azərb. tarının yaradıcısı. 17-18 yaşlarından Mirzə Sadıq tütək, ney, kamança çalmağı öyrənmiş, məşhur musiqiçi Mirzə Ələsgər Qarabağidən tar dərsi almışdır. O, virtuoz tarzən kimi Zaqafqaziyada, İranda geniş şöhrət qazanmışdı.

Xalq arasında sevilərək, “Sadıqcan” çağırılmışdır. O, Hacı Hüsü, Məşədi İsi, Keştazlı Haşım, Əbdülbaqi Zülalov, sonralar Cabbar Qaryağdıoğlunu tarda müşayiət etmişdir. O, Şuşada “Şərq konsertləri”ndə çıxış etmiş, 1890 illərdə yaratdığı ansamblla Azərb.-ın bir çox şəhərlərində, Aşqabadda, Tehranda və İstanbulda konsertlər vermişdir.

1897 ildə Şuşada göstərilən birpərdəli “Məcnun Leylinin məzarı üstündə” tamaşasının musiqi hissəsinin tərtibatçısı olmuşdur. Sadıqcan 1875-78 illərdə tar alətinin quruluşunu dəyişmiş, Azərb. xalq musiqisininmuğamatın xüsusiyyətlərini nəzərə alaraq, tarın səs düzümünü yeni qaydada tənzimləmiş, onları xromatik qaydada düzmüşdür.

O, tara cingənəkök simlər əlavə etmiş, onların sayını 5-dən 11-ə çatdırmış, tarın gərilməsinin qarşısını almaq üçün onun çanağının içərisinə ağac dayaq artırmışdır. Əvvəllər diz üstündə tutulan tarı Mirzə Sadıq ilk dəfə sinədə çalmışdır.

O, tarda ifaçılıq üslubunu təkmilləşdirmiş, onu mükəmməl solo aləti səviyyəsinə qaldırmışdır. Sadıqcanın tar modeli üzrə düzəldilən tarlar Zaqafqaziya, Dağıstan, Orta Asiya və İranda geniş yayılmışdır. O, tarda “zabul” pərdəsini müəyyənləşdirmiş, “Mahur”, “Segah” muğamlarına yeni şöbələr əlavə etmiş, bir sıra təsnif, rəngmahnıların müəllifi kimi tanınmışdır.

Azərb. tarzənlərindən Qurban Primov, Məşədi Zeynal, Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov, Şirin Axundov Mirzə Sadıq Əsəd oğlunun məktəbinin yetirmələri və davamçıları olmuşlar.